blue line

Ümümdünya Mətbuat Azadliğı Gününə həsr olunmuş Tədbirdə ABŞ səfiri x-m Ənn Dersinin Çıxışı

3 May, 2007

Baki, Azerbaijan

Xanımlar və cənablar, Xoş Gəlmisiniz Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd etməkdə mənə qoşulduğunuza görə sizə minnətdaram. Sizləri öz evimdə qarşılamaqdan şərəf duyuram. Birləşmiş Ştatlar inanır ki, azad mətbuat demokratiya üçün zəruridir.

Ölkəmizin yaradıcılarından biri olan Thomas Jefferson demişdir: “Bizim azadlığımız mətbuatın azadlığından asılıdır və azadlığı itirmədən bunu məhdudlaşdırmaq olmaz.” Azad mətbuat fikirlərin rəqabətinə zəmanət verir. Mətbuatda milli maraq məsələləri üzrə açıq debatlar alternativ strategiyaların nəzərdən keçirilməsinə, habelə mühüm dövlət məsələlərinə ən yaxşı yanaşma metoduna dair ictimai konsensusun qurulmasına imkan verir.

Azad mətbuat hökumətin xalq qarşısında hesabat verməsini təmin edir. Obyektiv məlumatlar vəzifədən sui-istifadə, korrupsiya və pis idarəçiliyin üstünü açaraq, xalqın müzakirəsinə təqdim edir.

Azad mətbuat insanları öz ölkələrinin idarə olunmasında fəal iştirak etmək üçün zəruri məlumatlarla təmin edir. Məlumatlı vətəndaşların inkişafı demokratiyanın mahiyyətini təşkil edır – xalqı idarə edən, xalq tərəfindən idarə olunan və xalq üçün mövcud olan hökumət.

Bu səbəbdən biz çox şadıq ki, ANS-ə lisenziya verilmişdir. Biz ümid edirik ki, bu bir neçə müstəqil televiziya lisenziyalarından birincisi olacaqdır.

Eyni zamanda, informasiya bir qüvvədir və azad mətbuat demokratiyada böyük qüvvəyə malikdir. Bu səbəbdən, mətbuat ən yüksək etik, obyektivlik və peşəkarlıq normalarına riayət baxımından insanlar qarşısında böyük məsuliyyət daşıyır.

ABŞ Ali Məhkəməsinin görkəmli üzvlərindən biri, azad cəmiyyətdə mətbuat azadlığının vacibliyini müzakirə edərkən, bildirmişdir ki “…canlı məsuliyyət hissi olmadan, azad mətbuat dərhal ədaləsizliyin əlində güclü bir alətə çevrilə bilər.”

Lakin, buna baxmayaraq, biz düşünürük ki, demokratik ölkədə məsuliyyətsiz jurnalistika heç vaxt mediaya təzyiq göstərmək üçün səbəb ola bilməz.

Mediaya istər qanun, istərsə də hədə-qorxu vasitəsilə təzyiq göstərmək istəyənlər, fikir rəqabətini boğmaq, hökumətin məsuliyyətini azaltmaq və vətəndaşları informasiya hüququndan məhrum etmək istəyir. Biz beynəlxalq ictimaiyyətin narahatlığına şərikik ki, bugün Azərbaycanda beş jurnalist həbsdədir: Eynulla Fətullayev, Mirzə Sakit, Rafiq Tağı, Samir Sədaqət oğlu, Faramaz Novruz oğlu.

Məşhur fransız filosofu və demokratiya tədqiqatçısı Alexis de Tocqueville demişdir: "Mətbuat azadlığının təmin etdiyi qiymətsiz üstünlüklərdən zövq ala bilmək üçün, onun yaratdığı çətinliklərə təslim olmaq zəruridir."

Bu səbəbdən qanun, azad informasiya axınını qorumalıdır, boğmalı deyil. Biz düşünürük ki, demokratik ölkədə cinayət təqibi defamasiyanın üzərindən götürülməlidir.

Hər bir demokratik ölkədə insan hüquqlarını və azadlığı müdafiə etmək üçün, jurnalistlərə qarşı bütün zorakılıq halları da qətiyyətlə yoxlanılmalı və təhqiq edilməlidir.

Jurnalistlərə hədə-qorxu gələnlər və onları döyənlər və öldürənlər güclü və qüvvətlı deyillər. Mən belə hesab edirəm ki, siz hamınız mənimlə razısınız ki, onlar qorxaq və cinayətkardırlar. Onlar güclü demokratiya üçün önəmli olan ideya savaşına qarşı ədalətli mübarizə aparmaqdan qorxurlar. Əvəzində onlar gizlənir, zorakılığa əl atır və azad informasiya axını və açıq debatların qarşısını almaq üçün arxadan hücuma keçirlər.

Əvvəl-axır onlar uduzacaqlar. Elmar Hüseynov kimi jurnalisti qətlə yetirə bilərlər ancaq azadlıq ideyasını öldürə bilməzlər. Sonda, ideya üstün gələcək. Elmar Hüseynov həmin ideyanın simvolu kimi yaşamağa davam edəcəkdir.

Azərbaycan gələcəkdə demokratiyanın Azərbaycanın suverenliyinə, müstəqilliyinə və rifahına ən böyük zəmanət olduğuna iananaraq öz iradəsi ilə bu yolu seçmişdir. Azərbaycanın dostu və tərəfdaşı kimi ABŞ Azərbaycanın bu seçimini dəstəkləyir. Azərbaycanın demokratik şəkildə inkişafına nail olmaq üçün sizin səylərinizi dəstəkləmək məqsədilə bizə Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə işləmək həvalə olunub.

Bu səbəbdən də, bugün Azərbaycan-Amerika Jurnalistika Akademiyasının açılışını elan etməkdən çox məmnunam. Bu yeni akademiya jurnalistlərə etik qaydaların yüksək standartlarını müəyyən etmək, obyektivlik və peşəkarlıq baxımından yardım etmək üçün seminarlar keçirəcək, həmçinin mətbuata Azərbaycanın yeni demokratiyasının güclü təsisatına çevrilməsinə kömək edəcəkdir.

Ümid edirik ki, hökumət, mətbuat şurası və vətəndaş cəmiyyəti mətbuat azadlığının güclənməsi, jurnalistika standartlarının yüksəldilməsi və Azərbaycanın böyük potensialından istifadə etmək üçün birgə səylər göstərəcəklər. Yenidən hamınıza gəldiyiniz üçün təşəkkür edirəm və ölkənizin dinc, çiçəklənən və müstəqil gələcyini təmin etmək naminə göstərdiyiniz davamlı səylərə görə sizi alqışlayıram.

Diqqətinizə görə çox sağ olun.

 
  << back to speeches