|
İRAQDA SEÇKİLƏR
Səfir Rino Harnişin məqaləsi
27 yanvar, 2005
Yanvarın 30-u Səddam Hüseyn əsarətindən
azad olmalarından bir il on ay sonra, İraqlıların
əksəriyyətinin arzu etdiyi azad və demokratik
cəmiyyətin qurulması işində ilk həlledici
addım kimi seçkilər keçiriləcəkdir.
İraq boyu və dünyanın müxtəlif nöqtələrindəki
seçki məntəqələrində İraq vətəndaşları
öz səslərini verərək, İraqın
demokratikləşməsi prosessinə şəxsi
paylarını vermiş olacaqlar. 30 illik repressiya
vahiməsindən, işkəncə və qətllərdən
sonra İraq xalqı öz həyat və gələcəyinə
görə nəhayət ki özü məsuliyyət
daşıyacaqdır.
Bu seçkilər, əvvəldən
axıradək, İraqlılar tərəfindən
və İraqlılar üçün keçirilir.
İraqın Müstəqil Seçki Komissiyası
Milli Keçid Assambleyasında 275 yer uğrunda mübarizə
aparacaq təxminən 111 partiya, koalisiya və fərdi
namizədləri təsdiq etmişdir. Bu Assambleya
prezident və iki vitse-prezidenti seçəcəkdir
ki, onlar da öz növbəsində ölkənin
Baş nazirini təyin edəcəklər. Milli Keçid
Assambleyası həmçinin 2005-ci ilin oktyabr ayında
xalq referendumuna çıxıralacaq Konstitusiya layihəsini
hazırlayacaqdır. 2005-ci ilin dekabr ayında İraqlılar
yenidən seçki məntəqələrinə
qayıdaraq, yeni konstitusiyaya uyğun milli hökuməti
seçəcəklər.
30 yanvar seçkilərində
İraqlılar həmçinin İraqın 18 əyalət
şurasına və Kürd Milli Assambleyasına
nümayəndələr seçərək, İraq
cəmiyyətinin demokratiyanın daha da dərinləşməsinə
nail olmuş olacaqlar.
Hazırda İraq üçün
taleyüklü məsələ həll olunmaqdadır
və hamı bunu dərk edir. Rəy sorğuları
İraqlıların əksəriyyətinin seçkilərdə
iştirak etmək istədiyinə dəlalət
etsə də, azad, sabit və firavan İraqın
düşmənləri elə güman edirlər
ki, bu gələcəkdə onlar üçün
yer yoxdur. Onların qəzəbi maşında bomba
parlayışları, qətllər, insan oğurluğu
və qorxutmə hallarında özünü büruzə
verir. Təəsüf ki, seçkilər yaxınlaşdıqca,
zorakılıq da arta bilər. Səsvermə hüququ
olan hər bir şəxs din və etnik mənsubiyyətindən
asılı olmayaraq seçimini etməlidir – ya ölkəni
müstəqillik yolu ilə irəli apararaq, səsvermədə
iştirak etmək, yaxud da İraqın gələcəyini
təhlükə altına almaq istəyənlərin
hədə və qorxusuna baş əymək.
İraq seçkilərə
yaxınlaşdığı bir vaxt dünyanın
müxtəlif yerlərində yaşayan adamlar adi
İraqlılarda ruh yüksəkliyi müşahidə
etməkdədirlər. Həqiqi İraq vətənpərvəri
o adamlardır ki, hər səhər işə yollanaraq,
ölkənin işıqlı gələcəyi
naminə çalışırlar. Bu o adamlardır
ki, həmkarlarının oğurlanması və
qətlə yetirilməsinə baxmayaraq, polis işçisi
və milli qvardiyaçı olmaq üçün növbə
gözləyirlər. Bu o adamlardır ki, bir gün
əvvəl kamikadzelərin günahsız adamları
qətlə yetirdikləri yoxlama məntəqələrinin
yanından ötərək işə gedirlər.
Bu, həmin İraqlılardır ki, yetim uşaqların
qayğısına qalır, kanalizasiya sistemini bərpa
edir, elektrik stansiyaları qurur, yeni yollar salır,
məktəblərdə dərs deyir və daha parlaq
gələcək üçün çalışırlar.
Seçkilər yolu ilə öz ümid və arzularını
həyata keçirməyə çalışan bu
adamlar bütün dünyanın hörmət, rəğbət
və dəstəyinə layiqdirlər.
İraqlıların əksəriyyətinin
demokratiya qurmaq arzusu dəyanət və səbir
tələb edəcəkdir. Bu, seçkiləri təxirə
salmaq istəyənlərə müqavimət göstərmək
bacarığı tələb edəcəkdir. Bu
mərhələdə seçkiləri təxirə
salmaq – dağıdıcı qüvvələri
ruhlandırmaq deməkdir. Uğurlu seçkilər
isə bu qüvvələrə ciddi zərbə
vurmaq deməkdir. Əgər İraq xalqı demokratik
İraq naminə səsvermədə iştirak etmək
üçün özündə cəsarət tapırsa,
biz də eyni dəyanət nümayiş etdirərək,
demokratiyaya keçid yolunda atılan bu səyləri
dəstəkləməliyik.
|